CƏMİYYƏT
Sumqayıtda keçirilən reyd zamanı ictimai nəqliyyatda karantin rejimi qaydalarını pozan 39 nəfər cərimələnib
Bakı, 14 yanvar, AZƏRTAC
Polis əməkdaşları qapalı məkanlarda və ictimai nəqliyyatda qoruyucu tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirləri fasiləsiz həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Reyd nəticəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunublar. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Tədbir zamanı peyvənd olunmadan, yəni, ikinci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılıblar. Həmin sürücülər barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Sonuncu profilaktik tədbir zamanı ictimai nəqliyyatda pandemiya qaydalarını pozan 39 sürücü və sərnişin barəsində inzibati protokol tərtib edilib.
Sumqayıtda qapalı məkanlarda, iri ticarət mərkəzlərində və digər ictimai iaşə obyektlərində də sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilib. Yoxlamalar zamanı şəhər ərazisində iri marketlərin birində sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müştərilərin obyektə daxil olan zaman onların hərarətinin ölçülmədiyi və əllərinin də dezinfeksiya edilmədiyi, həmçinin xidməti personalın maskadan düzgün istifadə etmədiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin obyekt barəsində inzibati qaydada tədbir görülüb.
Şəhər ərazisində sanitar-karantin qaydalarına əməl edilməsinə nəzarətin təmin olunması məqsədilə profilaktik tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi qaydada həyata keçirilir.