MƏDƏNİYYƏT
Sumqayıtda “Yol ayrıcında qaçış” romanının “imza günü”
Bakı, 9 aprel (AZƏRTAC). Sumqayıtda yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin “Yol ayrıcında qaçış” romanının “imza günü” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Sumqayıt ədəbiyyatsevərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Əli Kərim adına “Poeziya” klubunun direktoru, şair İbrahim İlyaslı “imza günü”nün, kitab təqdimatlarının gənclərin və şəhər ictimaiyyətinin bədii zövqünün inkişafına müsbət təsirindən danışmışdır. O, yazıçı həmkarını “90-cılar”ın parlaq nümayəndəsi kimi dəyərləndirmiş və onun əsərlərinin geniş oxucu kütləsinin rəğbətini qazandığını vurğulamışdır.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, şair Ofelya Babayeva və başqaları yazıçının yaradıcılığından söhbət açmışlar.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, kitablarını öz imzası ilə oxuculara təqdim etmişdir.