SİYASƏT
Sumqayıtlılar ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü qeyd etmişlər
Sumqayıt, 11 may (AZƏRTAC). Mayın 10-da Azərbaycan xalqının görkəmli oğlu, böyük dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olmuşdur.
Həmin gün Sumqayıtın mərkəzində, ümummilli lider Heydər Əliyevin onun adını daşıyan prospektdə ucaldılmış abidəsi qarşısında xüsusilə qələbəlik idi. Minlərlə şəhər sakini ömrünü bütünlüklə xalqa xidmətə həsr etmiş böyük vətənpərvərin xatirəsini anmaq üçün bura toplaşmışdı.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl meydanda quraşdırılmış dinamiklərlə “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!” sözlərini deyən böyük azərbaycanlının səsi ətrafa yayıldı. Heydər Əliyevin dediyi bu təsirli sözlər bayrama xüsusi əhval-ruhiyyə qatdı.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədri Asif İmaməliyev abidənin qarşısına al qızılgüllər qoydular.
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Ulu öndərin əziz xatirəsinə ehtiramını ifadə etmək, onun nurlu xatirəsi qarşısında baş əymək istəyən sumqayıtlılar - əmək kollektivlərinin, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, şəhər sakinləri ardı-arası kəsilmədən bu dahi şəxsiyyətin abidəsinə doğru axışırdılar. Reproduktorlarla Heydər Əliyevə həsr olunmuş mahnılar səslənirdi.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində şəhərin bütün əmək kollektivlərində, təhsil, səhiyyə və mədəniyyət müəssislərində bu əlamətdar tarixə həsr olunmuş tematik tədbirlər, idman turnirləri, yaradıcılıq müsabiqələri keçirilmişdir.