İQTİSADİYYAT
Şura iclasında qışa hazırlıq məsələləri müzakirə edilmişdir
Ağstafa, 4 avqust (AZƏRTAC). Avqustun 4-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısı yanında şuranın qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, idarə, müəssisə rəhbərlərinin, iş adamlarının, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən iclası rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq, ümummilli liderimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasından danışmışdır. Bildirmişdir ki, hazırda bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətlə irəliləməsindən söhbət açaraq bildirmişdir ki, artıq sənaye, kənd təsərrüfatı və digər sahələr dinamik inkişaf yolundadır.
Ağstafada aparılan yüksək səviyyəli abadlıq və quruculuq işlərindən danışan Məhərrəm Quliyev məlumat vermişdir ki, əhalini narahat edən problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədi ilə rayonun sosial-iqtisadi inkişafı proqramını hazırlayacaq işçi qrupu yaradılmışdır.
Şura iclasında rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovun qışa hazırlıqla bağlı məruzəsi dinlənilmişdir.
Məruzədə rayonun aqrar sektoru, təhsil, səhiyyə, mədəniyyət, şəhər təsərrüfatı, elektrik, qaz, su təchizatı və rabitə müəssisələrinin, yerli icra nümayəndələrinin və bələdiyyələrin qışa hazırlığının vəziyyəti ətraflı təhlil olunmuşdur. Bütün idarə, müəssisə və təşkilatlara qışa hazırlığı sürətləndirmək, əhalinin problemlərinin həllinə həssaslıqla yanaşmaq tapşırılmışdır.