İDMAN
Şuraabad qəsəbəsində Əməkdar İdman Ustası Əlipəhan Həşimovun xatirəsinə həsr olunmuş sambo üzrə respublika turniri keçirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Xızı rayonunun Şuraabad qəsəbəsində Əməkdar İdman Ustası Əlipəhan Həşimovun xatirəsinə həsr olunmuş sambo üzrə respublika turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Şuraabad Mədəniyyət Evində keçirilmiş yarışda doqquz komanda birincilik uğrunda mübarizə aparmışdır.
Turnirin açılış mərasimində Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, samboçularımızın beynəlxalq arenada qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, özünün zəngin idman ənənələri ilə dünyada tanınmış Azərbaycan artıq bir idman ölkəsinə çevrilmişdir. Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanlara malik olması deyildir, bu, həm də dövlət qayğısını əks etdirən göstəricilərdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ümummilli liderin siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ə.Həşimovun sambonun ölkəmizdə inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışan C.Məmmədov yarış iştirakçılarına uğur arzulamışdır.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov bildirmişdir ki, Azərbaycanda sambo geniş yayılmış idman növlərindən biridir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.
Ə.Həşimovun Azərbaycan idmanındakı müstəsna xidmətlərindən danışan T.Eyvazov onun yetirmələrinin dünya və Avropa çempionatında ölkəmizi layiqincə təmsil etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir. Sevindirici haldır ki, bu sırada sambo da xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi idmançılarımız mötəbər yarışlarda uğurla çıxış edir və üçrəngli bayrağımızı dalğalandırılar.
Sonra yarışın təşkilatçılarına ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin nəşr etdirdiyi “İdmanın böyük himayədarı” kitabı təqdim olunmuşdur. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rövşən Rəhimov (48 kq), Bədirxan Teymurov (52 kq), Mehman Xəlilov (57 kq), Bəhruz Rəcəbov (62 kq), Ceyhun Hüseynov (68 kq), Müşfiq Mikayılov (74 kq) və Toğrul Əsgərov (82 kq) yarışın qalibi adını qazanmışlar.