İQTİSADİYYAT
Suraxanıda 28 sahibkarlıq subyektinə 9,9 milyon manat kredit verilib
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqsəd sahibkarlara güzəştli kreditlərin ayrılması mexanizmi barədə ətraflı məlumatların çatdırılması, Bakı və ətraf qəsəbələrdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi investisiya layihələrinin təqdimatı, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Səksənə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, ət kəsimi və emalı müəssisəsinin, müasir istixana kompleksinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 4018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması nəticəsində 6200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 9,9 milyon manat kredit təqdim olunub. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, zəfərançılıq, istixana təsərrüfatının yaradılması, çörək, un və un məmulatları, konserv məhsulları, beton istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yeri açılacaq.
Forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında həyata keçirilməsi prioritet hesab olunan investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Tədbir çərçivəsində, həmçinin Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit hesabına tikilən müasir istixana kompleksinə baxış keçirilib.