DÜNYA
Suriyanın şimalında terror hücumu nəticəsində 13 dinc sakin həlak olub
Bakı, 2 noyabr, AZƏRTAC
Suriyanın şimalında yerləşən və hazırda Türk ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”, - nazirliyin məlumatında belə deyilir. Həlak olanların sayının artacağı istisna olunmur.
Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması məqsədilə “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.
Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən dünən sərhəddən on kilometr dərinlikdə Türkiyə hərbçilərinin və Rusiya hərbi polisinin birgə patrulu başlayıb.