MƏDƏNİYYƏT
“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir
Bakı, 12 noyabr, AZƏRTAC
“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın ənənəvi xalq geyim növlərinin mühüm tərkib hissələrindən biri olan uşaq geyimlərinə həsr olunur.
Yeni anadan olmuş uşağı (çağanı) bələkdə saxlayırdılar. Doğulan gündən 40 gün keçənə qədər bələkdə olan çağaya “qırx köynəyi” və “qırx papağı” adlanan paltar geyindirirdilər. Adətən, “qırx köynəyi” yumşaq və ağ pambıq parçadan, tikişləri bayırda qalmaq şərti ilə tuniki biçim üsulu ilə biçilib tikilirdi. Uşaq müəyyən yaş həddinə çatdıqdan sonra onun geyimi xüsusi diqqətlə hazırlanırdı.
Etnoqrafik materiallar göstərir ki, əgər kiçik yaşlı qızların geyimləri bütünlüklə qadın geyimlərinin təkrarı idisə, oğlan uşaqlarının geyimlərində fərqli cəhətlər vardı. Bu, ilk növbədə, özünü uşaq şalvarlarının biçim və tikiş tərzində göstərirdi. Uşaq şalvarının “bağlı” (nifəli), “aşırmalı” və “finka” olmaqla üç növü geniş yayılmışdı. Oğlan uşaqlarının digər geyimlərində elə bir fərq nəzərə çarpmırdı.
Keçmişdə qız uşaqlarının geyimləri rəng əlvanlığı, estetik gözəlliyi, biçimin xüsusi əndazəsi, narın tikiş texnologiyası, asma və tikmə bəzəklərin çoxluğu ilə səciyyələnirdi. Adətən qız uşaqlarının geyimləri gündəlik və boğçalıq geyimlər olmaqla iki dəstdə hazırlanırdı.