REGİONLAR
Şuşada TDT ölkələrinin Audiovizual media üzrə tənzimləyici orqanlarının birinci toplantısının Niyyət Bəyannaməsi imzalanıb
Şuşa, 28 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının birinci toplantısının iştirakçıları Şuşa şəhərinə səfərə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin birinci hissəsində oktyabrın 27-də Bakıda keçirilən toplantıda razılaşdırılan Niyyət Bəyannaməsinin rəsmi imzalama mərasimi keçirilib.
Niyyət Bəyannaməsinə əsasən, tənzimləyici orqanlar arasında əməkdaşlığın və dialoqun genişləndirilməsi, audiovizual yayım və onun tənzimlənməsi ilə bağlı bilik, fikir və təcrübə mübadiləsinin həyata keçirilməsi, habelə ümumi mədəni miras hesab olunan audiovizual media ilə bağlı məsələlərin daimi müzakirə formatının yaradılması məqsədilə TDT-na üzv və müşahidəçi ölkələrin audiovizual media üzrə tənzimləyici orqanlarının Forumunun (Turkic Broadcasting Regulatory Authorities Forum - TBRAF) yaradılması təklifi ilə çıxış edilir və bununla bağlı TDT-na üzv və müşahidəçi ölkələrin Media və İnformasiya üzrə nazirlərinin və rəsmi şəxslərinin növbəti toplantısına müraciət olunur.
Səfərin ikinci hissəsində qonaqların Şuşa şəhərini gəzməsi, işğaldan azad olunandan sonra şəhərdə aparılan yenidənqurma və bərpa işlərinin gedişi ilə tanış olmaları nəzərdə tutulub.