SİYASƏT
ŞUŞALILAR ÜMUMMİLLİ LİDERİN KURORT ŞƏHƏRİNƏ QAYĞISINI BU GÜN DƏ XATIRLAYIRLAR
Bakı, 12 dekabr (AZƏRTAC). Şuşalılar ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin ilk dövründə bu dağlar şəhərinin Ümumittifaq kurortuna çevrilməsi üçün gördüyü işləri minnətdarlıq hissi ilə xatırlayırlar.
Paytaxtda, rayon icra hakimiyyətinin müvəqqəti yerləşdiyi iqamətgahda keçirilmiş tədbirdə ağsaqqallar dahi rəhbərin Şuşaya səfərlərini xatırlamış, bu şəhərin inkişafı üçün qəbul edilmiş dövlət qərarlarını minnətdarlıqla yada salmış, ulu Tanrıdan ümummilli liderə rəhmət diləmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov həyatını Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin təşəkkül tapması və inkişafında əvəzsiz xidmətlərindən danışmış, görkəmli dövlət xadiminin rəhbərliyi dövründə respublikamızın, o cümlədən Şuşanın sürətlə inkişaf etdiyini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra aparılmış islahatlar nəticəsində demokratik, hüquqi və sivil dövlətə çevrilmişdir. İstər keçmiş sovet hakimiyyəti illərində, istərsə də müstəqilliyin ilk dövrlərində xalqımızın taleyüklü problemlərinin həllində bu dahi şəxsiyyətin rolu əvəzedilməzdir. Ulu öndərin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının gətirdiyi dividentlər, həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilməsi xalqımızın gələcəyə böyük ümidlərlə baxmağa ruhlandırır.
Dekabrın 12-də şuşalılar Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.