DÜNYA
Tacikistan XİN ölkə vətəndaşlarının “Crocus City Hall” terrorunda iştirakı barədə məlumatı “saxta” adlandırıb
Moskva, 23 mart, AZƏRTAC
Tacikistan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarının “Crocus City Hall” terrorunda iştirakı barədə məlumatı “saxta” adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat nazirliyin saytında dərc olunub.
“Qeyd etmək istəyirik ki, Tacikistan tərəfi Rusiya rəsmilərindən Tacikistan vətəndaşlarının sözügedən terror aktında iştirakı ilə bağlı hazırda yayılan saxta xəbərlər barədə heç bir təsdiqləyici məlumat almayıb. Bu baxımdan, Rusiya dövlət orqanlarının yaydığı rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik. Nəzərə alınmalıdır ki, təsdiqlənməmiş və etibarsız xəbərlərin yayılması hazırda ölkə xaricində olan Tacikistan vətəndaşlarına zərər verə bilər”, - deyə XİN-in açıqlamasında bildirilib.
Qeyd edək ki, Rusiya mediasında Tacikistan vətəndaşlarının Moskva vilayətində törədilmiş terror aktı ilə bağlı saxlanılması barədə məlumatlar yayılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva