İQTİSADİYYAT
TAE fiber-optik magistral xəttinin Azərbaycan seqmenti genişlənir
Bakı, 12 iyun (AZƏRTAC). Trans-Avropa-Asiya (TAE) fiber-optik magistral xəttinin Azərbaycan seqmenti genişlənir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ucar, Zərdab, İsmayıllı, Kürdəmir telekommunikasiya qovşaqlarının ardınca Daşburun-Füzuli xətti tikilmişdir. Nəticədə Füzuli rabitəsinin mərkəzi ATS-in TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa bağlantısı təmin edilmişdir. Bunun ardınca Yardımlı rabitəsinin Masallı istiqamətində TAE xəttinə birləşdirilməsi nəzərdə tutulmuşdur. Artıq işlərin bir qismi həyata keçirilmişdir. Neftçala, Lerik və Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulması planlaşdırılır.
Layihənin reallaşdırılması üçün 1999-cu ildə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokolu imzalanmışdır. Həmin il TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılmışdır. 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılmış və elə həmin il Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilmişdir.