İQTİSADİYYAT
Taleh Ziyadov: Yanvar ayından Azad Ticarət Zonasına rezidentlərin qəbuluna başlaya bilərik
Bakı, 24 may, Elvin Camalov, AZƏRTAC
Yanvar ayına qədər hər şey qaydasında davam etsə Azad Ticarət Zonasına rezidentlərin qəbuluna başlaya bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Azad Ticarət Zonasının hüquqi bazasının yaradılması işləri həyata keçirilir. “Sentyabr ayına qədər bu işlər yekunlaşacaq və yanvar ayından hər şey qaydasında davam etsə rezidentlərin qəbuluna başlaya bilərik. Biz şirkətlərlə, beynəlxalq təşkilatlarla əlaqələr qurmağa atıq başlamışıq”, - deyə T.Ziyadov vurğulayıb.
Vaşinqtonda keçirilmiş Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Forumunun məqsədi böyük Amerika şirkətlərinin Azərbaycana cəlb etmək olduğunu söyləyən T.Ziyadov Bakı Limanının ətrafında yaradılacaq Azad Ticarət Zonasına bu şirkətləri dəvət etdiklərini deyib. “Böyük Amerika şirkətləri həm Çin, həm də Avrasiya bazarında irihəcmli işlər görür. Biz Bakını bu bazar üçün regional mərkəz kimi seçilməsini istəyirik”, - deyə baş direktor bildirib.