MƏDƏNİYYƏT
Tanınmış kinorejissorun xatirəsinə həsr olunan gecə
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Dövlət Film Fondunda tanınmış kinooperator və kinorejissor, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılovun anadan olmasının 80 illiyinə həsr edilən yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Daha sonra sənətkarın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Gecədə Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək sənətkarın kino mədəniyyəti tarixinin formalaşmasındakı xidmətlərindən, sənət fəaliyyətindən və insani keyfiyyətlərindən danışıb.
Vurğulanıb ki, R.İsmayılov 1936-cı il iyulun 13-də Bakıda anadan olub. 1963-1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərən sənətkar 1977-ci ildən etibarən bir neçə bədii filmin quruluşçu rejissoru olub.
R.İsmayılov həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi olub. Sənətkarın 40-dək filmin rejissoru və quruluşçu operatoru olduğunu deyən natiq rejissorun əməyə və sənətə sevgisindən danışıb.
Əməkdar Artist Elxan Qasımov rejissorun həyat və yaradıcılığından söz açıb. Bildirilib ki, R.İsmayılov Azərbaycan kino sənəti tarixində müstəsna xidmətləri olan sənətkarlardandır. O, “Axırıncı aşırım”, “Adi əhvalat”, “Danışan işıqlar”, “Dədə Qorqud”, “Gün keçdi”, “Xoşbəxtlik qayğıları”, “İmadəddin Nəsimi”, “Möcüzələr adası”, “Səs”, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” və digər ekran əsərlərinin ərsəyə gəlməsində əvəzsiz xidmətlər göstərib.
R.İsmayılovun sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.