MƏDƏNİYYƏT
Tanınmış şairə-publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi qeyd edilmişdir
Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun təşəbbüsü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “SOCAR-Georgia” şirkətinin təşkilatçılığı ilə tanınmış şair, publisist, tərcüməçi, jurnalist Anna Bartkulaşvilinin 60 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ziyalılar, elm adamları və media nümayəndələri iştirak etmişlər.
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva tədbirin məqsədi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu gün biz çox hörmətli yazar, şairə, tərcüməçi və publisist Anna Bartkulaşvilinin yubiley tədbirinə toplaşmışıq. Əslində Anna Bartkulaşvilinin 60 yaşı tamam olsa da, onun qəlbi, ruhu və görünüşü gənc bir xanımı xatırladır.
Anna Bartkulaşvili Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafı istiqamətində çox böyük işlər görmüş və bu dostluğa öz yaradıcılıq töhfələrini vermişdir. Yubilyar tanınmış şairə, publisist olmaqla yanaşı, həm də çox gözəl və təcrübəli tərcüməçidir. O, indiyədək həm bizim yazıçı və şairlərin əsərlərini gürcü dilinə, həm də gürcü yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Diqqətə çatdırılmışdır ki, Anna Bartkulaşvili beynəlxalq tədbirlərin tribunalarından Qarabağla bağlı haqq səsini ucaltmış və daim Azərbaycanı öz vətəni saydığını bildirmişdir. O. Azərbaycana təhsil almağa gəlmiş, amma bir Azərbaycan gəlini olaraq həyatını ölkəmizdə davam etdirmişdir.
Q.Paşayeva, Anna Bartkulaşvilini 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatları Əsabil Qasımov, Flora Qasımova və başqaları yubilyarın Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirmişlər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndəsi Ədalət Əsgəroğlu Anna Bartkulaşvilini AYB-in rəhbərliyi adından təbrik etmiş, yubilyara yeni yaradıcılıq uğurları arzulamışdır.
Daha sonra İraqdan gələn nümayəndə, bu ölkənin parlamentinin deputatı, şair Fevzi Əkrəm Tərzioğlu İraq Yazıçılar Birliyi adından Anna Bartkulaşvilini təbrik etmişdir.
Tədbirin sonunda Anna Bartkulaşvili tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.