Tarixə çevrilmiş gün
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar faciəsinin tarixi haqqında məlumat vermiş, bu hadisənin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biri olduğunu vurğulamışdır. Bildirmişdir ki, xalqımızın başına gətirilən o dəhşətli faciə bu gün istedadlı qələm adamlarının yazdıqları əsərlərdə özünə əbədiyaşarlıq qazanmışdır.
Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, “20 Yanvar: güllələnmiş qəzet” kitabının müəllifi Məzahir Süleymanzadə və başqaları çıxış edərək bu faciəni xalqımızın taleyində ən acı və ən şərəfli gün adlandırmışlar. Qeyd edilmişdir ki, həmin gün Vətən torpağı xalqımızın igid oğullarının qanı ilə suvarılmış, müstəqilliyimizin təməli qoyulmuşdur.
Faciənin dəhşətlərindən danışan natiqlər keçmiş sovet ordusunun günahsız insanlara qarşı törətdiyi vəhşiliklərin bəşər tarixində görünməmiş qanlı hadisə olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, 20 Yanvar hadisələri yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymətini almışdır.
Kitabxanada faciənin dəhşətlərini əks etdirən “20 Yanvar-ölməzliyə abidə” mövzusunda sərgi açılmışdır.