Tarixi ədalət yerini tapacaqdır
Naxçıvan, 31 mart (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi ədalət yerini tapacaqdır” mövzusunda tədbir keçirilmişdir.
Mərkəzin direktoru Sevinc Mirzəyeva demişdir ki, bütün dövrlərdə azərbaycanlılar erməni vəhşiliyinin şahidi olmuşlar. 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri çoxsaylı soyqırımı aktlarından biridir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə ilk dəfə olaraq dövlət səviyyəsində qanlı faciəyə siyasi qiymət verilmişdir. Ulu öndərin qətiyyətli və məqsədyönlü siyasi kursunu Prezident İlham Əliyev prinsipiallıqla davam etdirir. Hazırda Azərbaycan dövləti erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, davakar erməni millətçiliyinin və onun təcavüzkar siyasətinin ifşası, ölkəmizin ədalətli mövqeyinin dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparmaqdadır. Dövlətimizin iqtisadi potensialı və siyasi qüdrəti artdıqca, beynəlxalq nüfuzu gücləndikcə onun ədalətli mövqeyini müdafiə edən dövlətlərin və siyasi dairələrin də sayı artır. Təcavüzkar siyasət bu gün Ermənistan dövlətini və cəmiyyətini dərin iqtisadi, siyasi və mənəvi sarsıntılar girdabına sürükləməkdədir. Avantürist “böyük Ermənistan” ideyasının girovuna çevrilmiş və çoxəsrlik qonşuları ilə uzunmüddətli münaqişə vəziyyətinə salınmış erməni xalqı bütün qlobal iqtisadi-enerji layihələrindən kənarda qalmış və son nəticədə çox ağır iqtisadi böhranla üzləşmişdir. Aclıq və yoxsulluq üzündən əhali ölkəni tərk edir. Azərbaycan isə dünyanın ən böyük transmilli və qlobal enerji-kommunikasiya layihələri mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycan həm də Cənubi Qafqaz regionunda çox güclü hərbi potensiala malik sarsılmaz bir ordu sahibidir. Sülh danışıqlarının heç bir səmərə verməyəcəyi təqdirdə işğal altında olan ərazilərimizin hərbi yolla azad ediləcəyi şəksizdir.