Tariximizin şərəf səhifəsi
Bakı, 19 yanvar, AZƏRTAC
Ötən əsrin 80-ci illərinin sonunda torpaqlarımızın toxunulmazlığı uğrunda başlamış çıxışlar sonda möhtəşəm xalq hərəkatına çevrildi. Səbr kasası daşan xalqımızın səsi imperiyanı təşvişə saldı və onu sarsıtdı. Sovet imperiyasının və əlaltılarının əli ilə ölkəmizdə faciələr törədildi, lakin bunlar millətin iradəsini qıra bilmədi. Əksinə, mübariz Azərbaycan xalqı imperiyanın “geridə qalmış xalq” sindromunu dağıdıb azadlıq əzmini nümayiş etdirdi. İmperiyanın törətdiyi 20 Yanvar faciəsində 140-dan çox azərbaycanlı qəddarcasına qətlə yetirildi, 800-dək insan yaralandı.
AZƏRATC xəbər verir ki, bu fikirlər yanvarın 19-da Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş “Tariximizin şərəf səhifəsi” adlı tədbirdə səsləndirilib.
Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il ötür. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz yaddaşlarda insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Bildirilib ki, həmin kədərli günlərdə yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini bu cinayəti törətməkdə qətiyyətlə ittiham edib. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Müdafiə Nazirliyinin zabiti Etibar Əliyev, Azərbaycan Respublikası “20 Yanvar” İctimai Birliyinin sədr müavini Mustafa Əliyev və digər çıxış edənlər bildiriblər ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlərboyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğurunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə insanlığa qarşı törədilmiş terror aktı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
Bildirilib ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Tədbirdə “20 Yanvar tarixin acısı, qan yaddaşımızdır” adlı sənədli film və sərgi nümayiş olunub.