SİYASƏT
Taxtakörpüdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilmişdir
Ağcabədi, 28 dekabr (AzərTAC). Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edənlər iştirakçıları qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik etmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışmışlar.
Çıxışlarda dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin gücləndirilməsində, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilmiş, bu sahədə müdrik siyasətin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Tədbirin sonunda məcburi köçkün uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.