SİYASƏT
Tbilisidə Cənubi Qafqazda ənənəvi və onlayn medianin müasir problemləri müzakirə olunur
Tbilisi 11 oktyabr, (AZƏRTAC). Oktyabrın 11-də Azərbaycan Gürcüstan və Ermənistanın kütləvi informasiya vasitələrinin, beynəlxalq və qeyri - hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Tbilisidə “Ənənəvi mediadan onlayn mediayaya keçid: qabaqcıl təcrübə və perspektivlər” mövzusunda 9-cu beynəlxalq konfrans işə başlamışdır.
KİV-lərin azadlığı məsələləri üzrə ATƏT-in sədri Dunya Miyatoviç tədbiri açaraq ənənəvi KİV-lərin təkamülündə mövcud problemlər və müasir dövrün çağırışları barədə danışmışdır.
ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə Bürosunun eksperti Kristian Möller sosial şəbəkələrdə və sosial KİV-lərdə söz azadlığı mövzusunda təqdimatla çıxış etmişdir. O, çıxışında xəbər axtarışı, alınması və ötürülməsində sosial medianın jurnalistlər üçün bir alət rolunu oynadığını diqqətə çatdırmış, vətəndaş KİV-ləri və vətəndaş jurnalistikasının müasir vəziyyəti barədə danışmışdır.
Çıxışlarda internetin və İP televiziyanın tənzimlənməsində hüquqi və idarəçilik problemlərinə toxunulmuşdur.
Bundan əlavə rəqəmsal media və internet bazarı, müasir oxucu auditoriyasının tələbləri, multimedia kontenti və biznes modeli mövzularında çıxışlar dinlənilmişdir.
Konfrans çərçivəsində “Onlayn və sosial medianın tənzimlənməsi məsələləri” mövzusunda ustad dərsi də keçirilmişdir.
Konfrans oktyabrın 12-də başa çatacaq.