SİYASƏT
TDT xarici işlər nazirləri Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə məlumatlandırılıb
Bakı, 16 mart, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasından ötən illər ərzində Təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya sahələrində əməkdaşlıq güclənib, həmçinin qurumun beynəlxalq nüfuzu artıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 16-da TDT-nin Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankarada keçirilən iclasında deyib.
O, bu xüsusda, Özbəkistanın TDT-yə sədrliyinin Təşkilatın daha da güclənməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
Regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta Dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.