İQTİSADİYYAT
Tehrandan Naxçıvana dəmir yolu çəkiləcək
Tehran, 30 yanvar, AZƏRTAC
Tehrandan Naxçıvan Muxtar Respublikasına dəmir yolu xətti çəkiləcək.
Bu barədə İran İslam Respublikasının Dəmir Yolları Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Abbas Nəzəri məlumat verib. O bildirib ki, İran İslam Respublikasının Dəmir Yolları Şirkəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında müvafiq razılaşma imzalanıb.
A.Nəzəri qeyd edib ki, gələn ay tərəflər görüşərək yolun çəkilməsi üçün görüləcək işləri və tikinti ilə əlaqədar digər məsələləri müzakirə edəcəklər. Tehrandan Naxçıvana qatarların hərəkət etməsi üçün yolun baza hissəsi hazırdır. Yol tamamilə istifadəyə verildikdən sonra qatarlar Tehran-Təbriz-Culfa marşrutu ilə hərəkət edəcək.
A.Nəzəri qeyd edib ki, iki ölkənin dəmir yolları sistemi fərqli olduğu üçün qatarlar Culfada dayanacaq və sərnişinlər başqa qatara minəcəklər. İrandan Azərbaycana gedənlər Azərbaycanın qatarlarına, Azərbaycandan İrana gələnlər isə Culfa stansiyasında İran qatarlarına minərək yollarını davam etdirəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran