İDMAN
Təhsil işçiləri arasında ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş idman yarışları keçirilmişdir
İsmayıllı, 6 may (AZƏRTAC). İsmayıllı Rayon Təhsil Şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat, voleybol və stolüstü tennis üzrə yarışlar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, çoxsaylı tamaşaçının izlədiyi və gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda rayonun 40-dan çox təhsil müəssisəsində çalışan müəllimlər iştirak etmişlər.
Şahmat yarışlarında şəhər 7 nömrəli tam orta məktəbinin şahmat müəllimi Cahangir Niftəliyev birinci, 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Arif Mirzəyev ikinci, 6 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İlham Yusifov isə üçüncü yeri tutmuşlar.
Voleybol yarışlarında şəhərdəki 3 və 5 nömrəli, Quşencə kənd tam orta məktəblərinin müəllimlərindən ibarət komandaları müvafiq olaraq I, II və III yerləri qazanmışlar.
Stolüstü tennis yarışlarında uşaq-gənclər idman məktəbinin məşqçi müəllimi Seyran Abdullayev birinci, Quşencə kənd tam orta məktəbinin müəllimi Ağabala Ağayev ikinci, şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Sənan Abdullayev üçüncü yerləri tutmuşlar.
Qaliblərə rayon təhsil şöbəsinin və həmkarlar ittifaqı komitəsinin diplom və pul mükafatları verilmişdir.