ELM VƏ TƏHSİL
TƏHSİL MÜƏSSİSƏSİNİN 60 İLLİYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Bakının Səbail rayonundakı Osman Mirzəyev adına 190 nömrəli orta məktəbin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tanınmış təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə məktəbin direktoru, “əməkdar müəllim” Afət Bakıxanova çıxış edərək, təhsil ocağının yaranma tarixi, keçdiyi yol, bugünkü fəaliyyəti haqqında danışmış, məktəbi bitirmiş görkəmli məzunların adlarını xatırlatmışdır. Bildirmişdir ki, son illər məktəbin maddi-texniki bazası genişlənmiş, sinif otaqları kompyuterləşdirilmişdir. Hazırda 1300 şagirdin təhsil aldığı bu məktəbdə 137 müəllim çalışır.
Qeyd olunmuşdur ki, səmərəli pedaqoji fəaliyyətinə görə “Respublikanın əməkdar müəllimi”, “Qabaqcıl maarif əlaçısı” fəxri adlarına layiq görülən, keçmiş SSRİ-nin Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri və müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilən mərhum Sona Tağıyevanın ömrünün ən mənalı anları uzun illər direktoru olduğu bu orta məktəblə bağlıdır. Məktəbin məzunları nəinki Azərbaycanda tanınır, hətta Vətənimizi dünya miqyasında layiqincə təmsil edərək məktəbə şan-şöhrət gətirirlər. Məktəbin müəllimləri öz məzunları ilə fəxr edirlər.
Təhsil nazirinin müavini İradə Hüseynova ölkəmizin təhsil sistemində aparılan islahatlar, həyata keçirilən bir sıra proqramlar barədə məlumat vermişdir. Natiq kollektivi əlamətdar yubiley münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamış, nazirliyin kollegiyasının qərarı ilə Fəxri fərmanlara layiq görülmüş bir qrup əməkdaşa həmin mükafatları təqdim etmişdir.
Sonra məktəbin tarixini əks etdirən film nümayiş etdirilmiş, ana, Vətən, məktəb haqqında şeirlər söylənmiş, tanınmış müğənnilərin ifasında mahnılar səslənmişdir.