ELM VƏ TƏHSİL
Təhsil naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da təhsil naziri Mikayıl Cabbarov Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında vətəndaşları qəbul edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonları sakinlərinin, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpaolunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 65 vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.