ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİ İLƏ ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz və Mərkəzi Asiya bölməsinin müdiri Benedikt Briş və təşkilatın ölkəmizdəki rəhbəri Andrey Götze ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, DAAD ilə mövcud əməkdaşlığın əhəmiyyətindən danışan nazir M.Mərdanov ölkəmizin bir sıra ali məktəbləri ilə alman universitetləri arasında birbaşa əlaqələrin qurulması sahəsində görülən işləri də diqqətə çatdırmışdır.
Təmsil etdiyi təşkilatla Təhsil Nazirliyinin yaratdığı əməkdaşlığı yüksək qiymətləndirən Benedikt Briş DAAD-la Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ali məktəb tələbələri arasında birgə keçirdikləri müsabiqə əsasında 9 nəfərin seçildiyini, həmin gənclərin Almaniyaya təhsil almağa göndəriləcəklərini bildirmişdir.
M.Mərdanov ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində aparılan işlərdən danışmış, həmçinin, tibb, iqtisadiyyat, İKT, bank işi, kənd təsərrüfatı sahələri üzrə Almaniyada kadr hazırlığının təşkil olunmasını təklif etmişdir.
Bu təkliflə razılaşdığını qeyd edən qonaq namizədlərin seçilməsinin vacibliyini söyləmişdir.
Görüşdə qarşılıqlı səfərlərin təşkili, universitetlərarası əlaqələr, birgə işlərə dair konfrans keçirilməsi və digər məsələlər də ətraflı müzakirə edilmişdir.