ELM VƏ TƏHSİL
Təhsildə idarəetmənin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atılır
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması çərçivəsində tədbirləri davam etdirir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 133 və 150 nömrəli tam orta məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyə birləşdirilib.
2011-ci ildə əsaslı təmir olunan 133 nömrəli tam orta məktəb 400 yerlikdir. Burada 336 şagird təhsil alır və 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunan 150 nömrəli tam orta məktəb isə 800 yerlikdir. Burada 507 şagird təhsil alır, müəllimlərin sayı isə 92 nəfər təşkil edir.
Məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək.