ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb
Bakı, 30 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, avqust ayı üzrə 200 müraciətin 178-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 6, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 7, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, digər səbəblər üzrə 5 nəfərin müraciətinə mənfi cavab verilib.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 63, Türkiyədən 81, Ukraynadan 22, Böyük Britaniyadan 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciət olunub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi üzrə 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.