ELM VƏ TƏHSİL
TƏLƏBƏLƏR BAYRAM MÜNASİBƏTİLƏ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Azərbaycan Texniki Universitetində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək Dünya azərbaycanlılarının həmrəyliyi gününün qeyd edilməsində xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixi xidmətlərini vurğulamış, qarşıdan gələn əlamətdar bayramlar münasibətilə müəllim və tələbələri təbrik etmiş, universitetdə qazanılan nailiyyətlərindən danışmışdır.
Dosent Şikar Qasımov və başqaları dünya azərbaycanlıları arasında həmrəyliyin, milli birliyin yaranmasında və möhkəmlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin mühüm xidmətlərindən danışmış, hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın 300-dən çox cəmiyyət və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırmışlar.
Sonra təhsildə və ictimai işlərdə fərqlənən bir qrup tələbə mükafatlandırılmışdır.