ELM VƏ TƏHSİL
Tələbələr IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə görüşüblər
Bilik Fondunun İnformasiya Təminatı sektorundan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-də italiyalı professorlar Bakı Slavyan Universitetində (BSU) olublar. BSU və Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən görüşdə tanınmış naşir Sandro Tetti, Florensiya Universitetinin professoru Franko Kardini, Con Hopkins Universitetinin professoru Paolo Karzini, Vatikan Universitetinin professoru Canfranko Kofelle maraqlı fikirlər səsləndiriblər.
BSU-nun rektoru, professor Asif Hacıyev İtaliya universitetləri ilə əlaqələrin daha da genişlənməsinin hər iki ölkənin təhsil sistemindəki rolundan danışıb. Rektor BSU-da Beynəlxalq münasibətlər üzrə təhsil alacaq iki italiyalı tələbəni və onların valideynlərini qonaqlarla tanış edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov fondun fəaliyyət planlarından bəhs edərək bildirib ki, rəhbərlik etdiyi qurum xarici tələbələrlə birgə layihələr həyata keçirəcək, tanınmış alimləri ölkənin müxtəlif bölgələrində elmin müxtəlif sahələrinə dair mühazirələrə cəlb edəcək. İcraçı direktor Azərbaycan dilini öyrənmək istəyən xarici tələbələrə Bilik Fondunun dəstək olacağını vurğulayıb.
İtaliyalı professorlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Sonda Bilik Fondu qonaqlara hədiyyələr təqdim edib. İtaliyalı qonaqlar səmimi keçən görüşdən razı qaldıqlarını bildiriblər.
Beynəlxalq Humanitar Forumun digər iştirakçısı, Fransanın İnalko Universitetinin professoru Mishel Bozdemir BSU-nun filologiya fakültəsinin fransız dili ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. “Fransada Azərbaycan dilinin tədrisi” mövzusunda məruzə ilə çıxış edən M.Bozdemir beynəlxalq səviyyəli tədbirlərin ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Fransalı professor tələbələrin çoxsaylı suallarını cavablandırıb.