REGİONLAR
Tərtər pambıqçıları ili yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar
Tərtər, 28 mart, AZƏRTAC
Tərtər rayonunda bu il 3302 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulur. Pambıq becəriləcək sahələr müəyyənləşdirilib, istehsalçılarla müqavilələr bağlanıb. Sahələrdə şum və arat işləri başa çatdırılıb. Yaxın günlərdə çiyid səpininə başlanılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən pambıqçılığın inkişafına həsr olunan müşavirədə məlumat verilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, mütəxəssislərin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov diqqəti martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlətimizin başçısının nitqində qarşıya qoyulan vəzifələrə yönəldib.
Bildirib ki, Tərtər rayonunun torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Ötən il rayonda əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla, 3123 hektarda pambıq becərilib. Tarlalardan 8419 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq 2016-cı il illə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatıb. Pambıq əkini, becərilməsi və yığımı işlərinə 5000-dək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
Müşavirədə çiyid səpinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, becərmənin aqrotexniki qaydada aparılması, pambıq əkinlərinin suvarma suyu ilə təminatı, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb, pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib.
Prezident Administrasiyasının məsul əməkdaşı Arif Novruzov çıxış edərək, Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən bəhs edib, bununla əlaqədar görüləcək işlərdən söz açıb.