İQTİSADİYYAT
Tərtər rayonunda elektrik enerjisi təchizatı sistemi təkmilləşdirilir
Bakı, 14 dekabr (AZƏRTAC). Tərtər rayonunda elektrik enerjisi təchizatı sisteminin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər görülmüşdür.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, cari ildə "Ələsgərli-Mamırlı-Poladlı" avtomobil yolunun tikintisi zamanı yol çəkilişinə mane olan 75 ağac dirək beton dirəklə əvəz olunmuş, 1200 metr naqil izolyasiyalı SİP kabellə əvəz edilmiş, 4 transformator yoldan kənara çəkilmiş, 30 işıqlandırma dirəyi quraşdırılmışdır. Düyərli-Ələsgərli yolunun kənarında 41 işıqlandırma dirəyi basdırılmış və enerji ilə təmin edilmişdir. Tərtər şəhərində bir neçə küçədə isə 200-dən artıq müasir işıqlandırma dirəyi basdırılmış, 8 kilometr elektrik xətti çəkilmiş, 20 transformator təmirdən sonra istehlakçıların istifadəsinə verilmişdir.
Bundan əlavə, 428 məcburi köçkün, yerli əhali qrupuna aid 125 istehlakçı üçün sayğac quraşdırılmışdır. Enerji verilişinin daha da yaxşılaşdırılması məqsədilə rayona 25 meqavat-amper gücündə yüksəkgərginlikli transformator gətirilmişdir.