REGİONLAR
Tərtərdə bir qrup media nümayəndəsi mükafatlandırılıb
Tərtər, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mətbuat işçilərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib. Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirib, bu məsələyə böyük önəm verib. Məhz buna görə də “Jurnalistlərin dostu” olub. Bu gün isə Prezident İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Prezidentin diqqət və qayğısı nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
Diqqətə çatdırılıb ki, media işçiləri istər torpaqlarımız işğal altında olanda, istərsə də Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Ali Baş Komandanımızın dediyi kimi jurnalistlər vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr veriblər.
Tədbirdə çıxış edən media nümayəndələri mətbuata dövlət dəstəyindən, müasir mətbuatın vəzifələrindən, cəmiyyətin tərəqqisindəki rolundan danışıblar.
Tədbirin sonunda mətbuat işçilərinə diplom və təşəkkürnamə təqdim olunub.