İQTİSADİYYAT
Tərtərdə tikinti və quruculuq işləri geniş vüsət almışdır
Tərtər, 9 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin “Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 11 oktyabr tarixli Sərəncamına uyğun olaraq, Tərtər rayonunda tikinti, quruculuq və abadlıq işləri geniş vüsətlə davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Tərtər şəhərinin prospekt və küçələrində yenidənqurma və abadlıq işləri aparılır. İnzibati binaların fasad hissələri və divarlar aqlay gülbağ və mədən daşları ilə üzlənir, Türkiyədən gətirilmiş yeni işıq dirəkləri quraşdırılır, darvazalar, köhnə kommunikasiya xətləri və elektrik dirəkləri, səkilərin bardyorları dəyişdirilir, dekorativ ağaclar əkilir. Bayraq meydanı genişləndirilir, mərkəzi meydana metlax daşlarının döşənməsi üçün hazırlıq görülür, əsaslı təmir olunan rayon mədəniyyət evində son tamamlanma işləri aparılır. Rayon qaz istismarı idarəsinin inzibati binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisinə başlanılmışdır.
“Àzərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması da uğurla davam etdirilir. Hazırda Mamırlı-Poladlı kəndləri istiqamətində və Tərtər çayının sol sahilində yerləşən kəndlərə daşıyıcı qaz kəməri, Düyərli, İsmayılbəyli, Azad Qaraqoyunlu, Köçərli, Cəmilli, Dəmirçilər, Evoğlu, Təzəkənd kəndlərində kəndarası qaz xətləri çəkilir. Cari ildə rayonun 21 kəndinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.