MƏDƏNİYYƏT
Tərtərli uşaqlar rayona xoş təəssüratlarla qayıtdılar
Tərtər, 25 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən tərtərli şagirdlər avqustun 25-də rayona qayıtdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayon rəhbərləri, müəllimlər və valideynlər qarşıladılar.
Qrupun rəhbəri, Cəmilli kənd tam orta məktəbinin müəllimi Rəşad Şahbazov AZƏRTAC-a müsahibəsində tur-aksiya haqqında məlumat verərək dedi: “Şagirdlər səyahətdən xoş təəssüratlarla qayıtdılar. Səfərimiz olduqca zəngin və maraqlı oldu. Məktəblilər dörd gün ərzində İsmayıllı rayonunun Lahıc qəsəbəsi, Qəbələnin və Şəkinin tarixi abidələri, istirahət mərkəzləri, müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə yaxından tanış oldular. Bu səfərin şagirdlər üçün əhəmiyyəti olduqca böyükdür”.
Tərtər şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Əli Pirməmmədov səfər təəssüratlarını belə ifadə etdi: “Tur-aksiyadan olduqca razı qaldım. Həyatımda çoxlu yeniliklər oldu. Bu bölgə ilə bağlı indiyədək kitablardan oxuduqlarımı, müəllimlərimdən eşitdiklərimi indi özüm gördüm. Vətənimin rəngarəng təbiətinə, gözəlliyinə heyranam. Bizə yaratdığı bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.