CƏMİYYƏT
Tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ilk imtahanı keçirilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 28-də Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində vakant yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə ilk imtahan keçirildi.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
İmtahanda iştirak üçün 100 vakant yerlərə 27 ixtisas üzrə 150 namizəd sənəd təqdim etmişdir. Növbəti, qalan 40 nəfərin imtahanı aprelin 2-də həyata keçiriləcəkdir.
Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdir.
Test imtahanı 50 sualdan ibarətdir və imtahanın yekununa görə 30 və ya daha çox bal toplamış şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılır.
Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.