DÜNYA
Tokionun qubernatoru Naoki İnose korrupsiya qalmaqalına görə istefa vermişdir
Tokio, 19 dekabr (AZƏRTAC). Yaponiya mətbuatının yaydığı məlumata görə, adı korrupsiya qalmaqalında hallanan Tokionun qubernatoru Naoki İnose istefa vermişdir.
Xüsusi olaraq təşkil olunmuş mətbuat konfransında tutduğu vəzifədən istefa verdiyini bəyan edən N.İnose bildirmişdir ki, onun həmin vəzifədə qalması “Tokioda keçiriləcək 2020-ci ilin Yay Olimpiya Oyunlarına hazırlığa mənfi təsir göstərə bilər”.
Ötən ilin dekabrında Tokioda keçirilən seçkilərdə qalib gəlmiş N.İnose, seçki kampaniyasının başlanğıcında tibbi klinikalar şəbəkəsinin sahibindən 50 milyon yen (təqribən 500 min ABŞ dolları) almaqda təqsirli bilinir.
Yaponiya qanunları siyasətçilərə fərdi biznes nümayəndələrindən pul almağı qadağan edir. N.İnose həqiqətən 50 milyon yeni götürdüyünü, lakin bunu seçki kampaniyası üçün deyil, şəxsi tələbatlarını ödəmək üçün aldığını bildirmişdir. Bundan əlavə, sabiq qubernator borc verən şəxslə hesablaşdığını da vurğulamışdır.
N.İnosenin izahatı şəhər parlamentinin üzvlərini razı salmamış və onlar qubernatorun külli miqdarda pul almasını tədqiq edən xüsusi komissiyanın yaradılması barədə qərar qəbul etmişlər. N.İnose parlament araşdırmasının nəticəsini gözləmədən istefa barədə ərizəni təqdim edərək, qubernator vəzifəsini tərk etmək qərarına gəlmişdir.
Vüqar Ağayev,
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio