İDMAN
Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində növbəti oyunlar keçirilmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də futbol üzrə Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində növbəti oyunlar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın “Qarabağ” komandası paytaxtın “İnter” kollektivini qəbul etmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatmışdır.
Matçda “Qarabağ”ın heyətində Maksim Medvedev, Vüqar Nadirov, Emeka Opara, rəqib komandadan isə Yuri Fomenko və Fuad Bayramov fərqlənmişlər.
“Dalğa Arena”da “Turan” (Tovuz) və “Xəzər-Lənkəran” komandaları üz-üzə gəlmişlər. Qarşılıqlı hücumlar şəraitində keçən oyun heç-heçə başa çatmışdır – 2:2. “Turan”ın heyətində qolları Antonio Rukavino, Ender Günlü, rəqib komandadan isə Elnur Abdullayev və Robert Alviz vurmuşlar.