İDMAN
Topaz Premyer Liqasının mart ayı üçün ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifi müəyyənləşmişdir
Bakı, 29 aprel (AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasının mart ayı üçün ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifi müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi aprelin 29-da “Four seasons” mehmanxanasında keçirilmişdir.
Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu “Bakı” klubunun oyunçusu Marius Pena seçilmişdir. Ayın ən yaxşı qolu nominasiyasında AZAL komandasının oyunçusu Cavid Tağıyevin vurduğu qol seçilmişdir.
Çıxış edən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və “AzərİdmanServis” MMC-nin baş direktoru Azər Məhərrəmov ölkə futbolunun inkişafda olduğunu bildirmiş, bu cür tədbirlərin ənənəvi xarakter alacağını diqqətə çatdırmışlar.
Sonra M.Penaya “Topaz” tərəfindən 1500 manat, C.Tağıyevə isə 1000 manat pul mükafatı təqdim olunmuşdur.
Ayın ən yaxşı qolu yarışmasında qalibin müəyyənləşdirilməsi üçün www.pfl.az saytında xüsusi səsvermə keçirilmişdir. Ayın futbolçusu isə 50-dən artıq idman jurnalisti arasında keçirilmiş səsvermə nəticəsində təyin olunmuşdur.