DÜNYA
Toşimitsu Moteqi: Yaponiya və Rusiya liderlərinin görüşü ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyətə malikdir
Tokio, 2 iyun, AZƏRTAC
Yaponiyanın Baş Naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putinin yüksək səviyyəli görüşü ikitərəfli əlaqələrin inkişafı və sülh müqaviləsinin imzalanması üçün mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər naziri Toşimitsu Moteqi iyunun 2-də parlamentin yuxarı palatasının xarici siyasət və müdafiə məsələləri komitəsində çıxışı zamanı bildirib.
Ş.Abenin iyunun 24-də Moskvada keçiriləcək Qələbə paradında iştirakı barədə sualı cavablandıran nazir deyib: “Həmin mərasimdə iştirakın detalları ilə bağlı hələlik heç nə məlum deyil, çünki hazırda bu barədə diplomatik kanallar vasitəsilə dəqiqləşdirmə aparılır. İstənilən halda mən hesab edirəm ki, Yaponiya və Rusiya liderlərinin yüksək səviyyəli görüşləri iki ölkə arasında əməkdaşlığın inkişafı, həmçinin sülh müqaviləsinin imzalanması baxımından əhəmiyyətlidir. Buna misal olaraq Naqato (2016-cı il) və Sinqapur (2018-ci il) görüşlərini göstərmək olar. İndiki halda koronavirusla bağlı vəziyyəti nəzərə almaq lazımdır, lakin buna baxmayaraq, biz diplomatik kanallarla işi davam etdiririk”.
Xatırladaq ki, Baş Nazir Ş.Abe mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan Qələbə Günü şənliklərinə qatılmağı və Prezident V.Putinlə görüşməyi nəzərdə tuturdu. Lakin koronavirus pandemiyasına görə bu səfər təxirə salındı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio