İDMAN
“Tour d'Azerbaidjan” veloturunun üçüncü mərhələsi başa çatmışdır[YENİLƏNİB]
Qəbələ, 3 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d'Azerbaidjan” beynəlxalq veloturunun üçüncü mərhələsi başa çatmışdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yürüşçülər bu mərhələdə ümumi uzunluğu 165 kilometr olan Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutunda mübarizə aparmışlar. Məsafənin hər bir metri uğrunda gərgin mübarizə nəticəsində finişə birinci Ukraynanın “İSD” komandasının təmsilçisi Vitalui Popkov çatmış, Belçikanın “Lotto-Belisol” komandasının təmsilçisi Stiq Breyksi qabaqlamışdır. “Synergy Baku Cycling Project” komandasının nümayəndəsi bu dəfə də yürüşün mükafatçıları arasında olmuşdur. Azərbaycan velosipedçisi Kristof Şvaytser bu mərhələdə üçüncü yeri tutmuşdur.
Türkiyənin “Torku Şekerspor” komandasının təmsilçisi Sergey Qreçin liderin mavi köynəyini əldən verməmişdir. Yaşıl mayka Kristof Şvaytserə nəsib olmuş, qırmızı mayka Portuqaliya təmsilçisi Rikkardo Vilen Epafel-Qlasdrayvda qalmışdır. Ən yaxşı gənc yürüşçü “Astana” komandasından Bəxtiyar Kojotayev olmuşdur.
Mərhələnin qalibinə və mükafatçılarına medalları turun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Allahverdiyev təqdim etmişlər.
Əvvəlki mərhələlərdə olduğu kimi velosipedçilərin irəlilədiyi marşrut üzrə yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri veloyürüşçüləri salamlamışlar.
Mərhələnin qalibi Vitali Popkov mətbuat konfransında bildirmişdir ki, marşrutun ortasında səkkiz nəfərdən ibarət liderlər qrupu müəyyən olunmuşdur. Ukraynalı veloyürüşçü demişdir: “Bu qrupdan mən və “Lotto-Belisol”un təmsilçisi Stiq Breyks irəli çıxaraq, finişdə birincilik uğrunda mübarizə apardıq”.
Kristofer Şvaytser isə bildirmişdir ki, bu mərhələdə qazandığı üçüncü yeri yaxşı nəticə sayır. O demişdir: “Azarkeşlərimiz bizdən yaxşı nəticələr gözləyirlər və biz onların ümidlərini doğrultmağa çalışacağıq”.
Mayın 4-də veloturun Qəbələ-Şamaxı marşrutu üzrə dördüncü mərhələsi keçiriləcəkdir. Sonuncu beşinci mərhələ mayın 5-də paytaxtın Azadlıq meydanından start götürəcəkdir. İştirakçılar Bakının mərkəzi küçələrində 12 dövrə vurub 144 kiloqram məsafə qət edərək turu başa çatdıracaqlar.
Qeyd edək ki, mayın 5-dək davam edəcək “Tour d'Azerbaidjan” vüeloturunda birincilik uğrunda 25 komanda, o cümlədən 17 kontinental, 2 klub, 6 yığma komanda mübarizə aparacaqdır. Hər bir komandaya 6 yürüşçü daxildir. Azərbaycanı turnirdə “Synergy Baku Cycling Project” komandası təmsil edir.