ELM VƏ TƏHSİL
Tovuz rayonunda daha 2 yeni məktəb binası istifadəyə verilmişdir
Tovuz, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Tovuz rayonunda daha 2 məktəb binasının açılış mərasimi keçirilmişdir. Tədris müəssisələrinin ikisi də - 220 yerlik Bayramlı kənd tam orta və 180 yerlik Məşədivəllər kənd tam orta məktəbi üçün tikilən binalar dövlət vəsaiti hesabına inşa olunmuşdur. Binalar bütün lazımi inventar və avadanlıqla tam təmin olunmuşdur.
AZƏRTAC xəbər verir ki, açılış mərasimlərində rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova çıxış edərək təhsilə diqqət və qayğının təməlinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğundan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, bu sahədə həyata keçirilən layihələrdən danışmışlar. Çıxışlarda, habelə Heydər Əliyev Fondunun təhsil sahəsində xidmətlərindən də geniş bəhs edilmişdir. Son illər Tovuz rayonunda bu gün istifadəyə verilən 2 təhsil ocağı da daxil olmaqla 18 məktəb üçün yeni bina tikilmişdir. Bu məktəb binalarından 3-ü Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir.
Mərasimlərdə çıxış edən ziyalılar, müəllim və şagirdlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.