CƏMİYYƏT
Tovuzun Əsrik Cırdaxan kəndi ərazisində 11 top mərmisi tapılıb
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 25-də saat 10:56-da Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində 8 mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik 11 top mərmisi (OF-56-1) aşkar olunub. Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 121 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.