ELM VƏ TƏHSİL
TQDK YANVARIN 10-DA BAKIDA ZONA MÜŞAVİRƏSİ KEÇİRƏCƏK
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 10-da Bakı şəhərindəki 1 nömrəli orta məktəbdə 2007-2008-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirəcəkdir.
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, Bakının ayrı-ayrı ümumtəhsil məktəbləri rəhbərlərinin və müəllimlərin iştirak edəcəkləri zona müşavirəsində TQDK-nın sədri Məleykə Abbaszadə qeyd olunan tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə edəcək və sualları cavablandıracaqdır.
2007-ci ildə Bakı şəhərinin orta ümumtəhsil məktəblərini 26 min 953 şagird bitirmişdir. Onlardan 87,29 faizi (23 min 528 nəfəri) ali məktəblərə sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən, həmin məzunlardan 9 min 25 nəfəri (sənəd verənlərin 38,47 faizi) tələbə adını qazanmışdır.