ELM VƏ TƏHSİL
TQDK YANVARIN 17-DƏ SUMQAYIT ŞƏHƏRİNDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRƏCƏK
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 17-də Sumqayıt şəhərində 2007-2008-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirəcəkdir.
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, Sumqayıt, Şamaxı, Quba şəhərləri, Abşeron, Dəvəçi, Qobustan, Qubadlı, Siyəzən, Qusar, Xaçmaz və Xızı rayonları təhsil şöbələri nümayəndələrinin, məktəb direktorlarının və müəllimlərin iştirak edəcəkləri zona müşavirəsində TQDK-nın sədri Məleykə Abbaszadə qeyd olunan tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə edəcək və sualları cavablandıracaqdır.
2007-ci ildə Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini 4 min 326 şagird bitirmişdir. Onlardan 91,93 faizi (3 min 977 nəfəri) ali məktəblərə sənəd vermişdir. Qəbul imtahanlarının nəticələrinə əsasən həmin məzunlardan 1315 nəfəri (sənəd verənlərin 33,16 faizi) tələbə adını qazanmışdır. İmtahanlarda müvəffəqiyyət əldə edən gənclərin 355 nəfəri 500-dən, o cümlədən 99 nəfəri 600-dən artıq bal toplamışlar.
Sumqayıtlı məzunların ali məktəblərə qəbul imtahanlarında topladıqları orta bal göstəricisi 232 min 377-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 10,5 faiz yüksəkdir.