İQTİSADİYYAT
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun iş planları müzakirə edilir
Bakı, 29 yanvar, AZƏRTAC
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun 2016-cı il üçün iş planları müzakirə edilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr yanvarın 29-da Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun iclasında aparılır.
Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ukrayna dəmiryol qurumlarının, Bakı, Batumi və Aktau limanlarının, Çin, Ukrayna və Rumıniyanın logistika şirkətlərinin nümayəndələri iştirak edirlər.
İclasın gündəliyində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə Koordinasiya Komitəsinin 2015-ci ildə fəaliyyətinin yekunları və 2016-cı il üçün iş planı, TBNM-in təbliğatı məqsədilə Çində və Avropa ölkələrində təşkil olunmuş Roud-şou adlı reklam kampaniyasının nəticələri, TBNM üzrə Beynəlxalq Konsorsiumun yaradılması və Koordinasiya Komitəsinə yeni üzvlərin qoşulması ilə bağlı məsələlər yer alıb. “Gündəliyin sonuncu məsələsi ilə əlaqədar qeyd etmək lazımdır ki, Ukrayna Dəmir Yolunun, “Ukrferri” və “Translogist SRL” (Rumıniya) şirkətlərinin Koordinasiya Komitəsinə qoşulması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun getdikcə artan nüfuzundan xəbər verir”, - deyə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən bildiriblər.