MƏDƏNİYYƏT
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədi ilə infotur keçirilir
Bakı, 4 aprel (AZƏRTAC). Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədi ilə aprelin 2-dən etibarən Qazaxıstan, Qırğızıstan və Türkiyənin müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri və turizm şirkətlərinin 15 nəfərdən ibarət qrupu üçün Azərbaycanda infotur keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 6-da başa çatacaq infotur zamanı nümayəndə heyəti Bakı şəhərinin, Şamaxı, Qəbələ, İsmayıllı və Şəki rayonlarının görməli yerləri ilə tanış olur.
İnfoturun gedişində Azərbaycanın tarixi-mədəni abidələri, adət-ənənələri, mədəni irsi və turizm potensialı ilə tanışlıqla yanaşı, adı çəkilən ölkələrdə yayımlanması məqsədilə müxtəlif çəkilişlərin aparılması və təbliğat xarakterli yazıların hazırlanması da nəzərdə tutulur.
Xatırladaq ki, bu infoturun keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə TDƏŞ-in turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun birinci iclasının Yekun sənədinə uyğun olaraq qərara alınmışdır.