SİYASƏT
Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin Qırğızıstana səfəri çərçivəsində ölkə parlamentinin sədri ilə görüşmüş,əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur
Bişkek, 12 iyun (AZƏRTAC). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov TürkPA-nın Bişkekdə keçiriləcək 3-cü plenar iclasında iştirak etmək üçün Qırğızıstana səfərə gəlmişdir.
Səfər çərçivəsində Ramil Həsənov Qırğızıstan parlamenti - Joqorku Keneşin sədri Asılbek Jeenbekovla görüşmüş, iyunun 14-16-da TürkPA-nın Bişkekdə keçiriləcək üçüncü plenar iclasına hazırlıq, parlamentlərarası dialoqun dərinləşdirilməsi və digər məsələlər müzakirə edilmişdir.
Ramil Həsənov TürkPA-nın üzvü olan ölkələr arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat vermiş, qurum çərçivəsində digər beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Onun sözlərinə görə, Bişkekdə keçiriləcək iclasda 9 beynəlxalq təşkilatın nümayəndələri də iştirak edəcək.
Asılbek Jeenbekov TürkPA çərçivəsində parlamentlərarası münasibətlərin genişləndirilməsindən məmnun olduğunu bildirmiş, Bişkek iclasından sonra bu istiqamətdə dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addımların atılacağına əmin olduğunu qeyd etmişdir.
Ramil Həsənov xatırlatmışdır ki, 2013-cü ildə TürkPA-nın 5 illik yubileyi qeyd olunacaq və yubiley iclası Türkiyədə keçiriləcəkdir. Görüşdə yubiley iclası ilə bağlı bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana