İQTİSADİYYAT
Türkiyə Dəmir Yolları “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasına daimi üzv seçilib
Bakı, 16 fevral, Elvin Camalov, AZƏRTAC
Türkiyə Dəmir Yolları “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına daimi üzv seçilib.
AZƏRTAC “www.haberler.com” saytına istinadla xəbər verir ki, bu barədə qərar “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası hüquqi şəxslər birliyinin Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən iclasında qəbul olunub.
İclasda ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov təmsil edib.
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev bildirib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə keçən il 1 milyon 900 min ton yük daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Türkiyə Dəmir Yollarının bu dəhlizə qoşulmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu il dəhliz vasitəsilə 4 milyon ton yükün daşınması planlaşdırılıb. Bununla bağlı hansısa maneənin olmadığını deyib.
Türkiyə Dəmir Yollarının assosiasiyaya daimi üzv olması ilə bağlı protokolu Türkiyə Cümhuriyyəti Dəmir Yolu Daşımaçılığının baş direktoru Veysi Kurt və “Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının baş katibi Baurzxan Kuluşev imzalayıb.