İQTİSADİYYAT
Türkiyə KİV-ləri: ““Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi artıq XXI əsrin Sazişidir”
İstanbul, 16 sentyabr, АZƏRTAC
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması barədə geniş məlumatlar yaymaqda davam edir. KİV “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinin davam etməsini XXI əsrin Sazişi kimi dəyərləndirir.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, “Sabah”, “Yeni şəfəq” və “Yeni əsr” qəzetləri, nüfuzlu televiziya kanalları ümummilli lider Heydər Əliyevin təşəbbüsü və müəyyən etdiyi inkişaf strategiyası sayəsində 1994-cü ildə imzalanmış və Ulu Öndərimizin adı ilə bağlı olan “Əsrin müqaviləsi”nin əhəmiyyəti barədə oxuculara və tamaşaçılara geniş məlumatlar çatdırırlar. Sazişin uzadılmasını mövcud birliyin güclü simvolu kimi qiymətləndirən KİV eləcə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakın görüşü barədə məlumatlara da geniş yer ayırıb. Ekspertlər isə əsaslandırırlar ki, Azərbaycanın etibarlı tərəfdaş olması sayəsində Sazişin 2050-ci ilədək uzadılması Azərbaycan və Türkiyənin inkişafında yeni bir mərhələ olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul